Mətbuat açıqlaması

BIHE - 19-21 sentyabr tarixində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisi keçiriləcək

19-21 sentyabr tarixində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisi keçiriləcək

15.09.2016

Mətbuat açıqlaması

19-21 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisi keçiriləcək. Artıq 22 il ərzində, sərgi tibb sahəsində istifadə olunan innovativ məhsulların təşviqi üçün yeni imkanlar yaratmaqla yanaşı, tibbi texnika və avadanlıqlar, dərman istehsalçıları, səhiyyə sistemində fəaliyyət göstərən peşəkarlar, eləcə də dövlət strukturları və ölkənin işgüzar çevrələrinin nümayəndələrini cəlb edir. “BIHE” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir.

22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisində dünya üzrə 20 ölkəni təmsil edən 121 şirkət iştirak edir. Bu şirkətlər arasında Azərbaycan, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrin təmsilçiləri var. Ümumilikdə, xarici eksponentlər sərgi iştirakçılarının 60%-ni təşkil edir. Sərgidə xarici istehsalçılarla yanaşı, dünyanın nəhəng istehsalçıları ilə tərəfdaşlıq edən yerli tibbi avadanlıq distribyutorları da iştirak edirlər. Yerli distribyutorlar arasında “Besan”, “BTL Industries AZ”, “Labservis” və digərləri yer alır. Azərbaycan, Çexiya Belçika və Tunis şirkətlərinin də qatıldığı builki sərginin debütantları sərgi iştirakçılarının 30%-ni təşkil edir.

“BIHE 2016” sərgisində tibbi və laboratoriya avadanlıqları, istehlak məhsulları, dərman preparatları, tibbi alətlər və farmakoloji avadanlıqlar kimi sektorlar təqdim olunur. Builki sərginin fərqləndirici cəhətlərindən biri də farmakologiya sektorunun inkişaf etməsidir. Şirkətlər bu sektor çərçivəsində farmakologiya üzrə avadanlıq və texnologiyaları, eləcə də dərman zavodlarının istifadəyə hazır şəkildə tikintisini təqdim edəcəklər.

Bu il xaricdə müalicənin təşkili ilə məşğul olan 20-dən artıq klinika və şirkəti bir araya gətirən “Tibbi turizm” sektoru aktiv təqdim olunub. Bu klinika və şirkətlər arasında Belarus, Almaniya, Latviya, Türkiyə və Çexiyanın klinika, sanatoriya və müalicə ocaqları yer alır. Artıq ardıcıl olaraq ikinci ildir ki, “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.

İlk dəfə olaraq, 20 sentyabr tarixində Bakı Ekspo Mərkəzində təşkilatçılar tərəfindən “Tibbi turizm” sektoru çərçivəsində seminar təşkil olunacaq. Seminar iştirakçıları əvvəlcədən planlaşdırılmış görüş sayəsində işgüzar əlaqələr qurmaqla yanaşı, (vasitəçi olmadan) birbaşa danışıqlar apara biləcəklər. Seminarın keçirilməsi Azərbaycanda müalicəvi turizm sektorunun inkişafına, xarici həmkarlarla təcrübə mübadiləsinin aparılmasına və Azərbaycanın müalicə-sağlamlıq turizmi üzrə potensialı barədə ictimaiyyətin məlumatlandırılmasına kömək edəcək.

Beləliklə, “BIHE” sərgisi səhiyyə peşəkarları arasında ünsiyyətin qurulması üçün əsas tədbir, habelə səhiyyə sektoru üzrə yeni məhsullar, müalicə metodları və aparıcı texnologiyaların nümayiş etdirilməsi üçün ideal platforma olaraq qalır və bu funksiyanı layiqincə yerinə yetirir.

“BIHE” sərgisinə paralel olaraq daha iki tədbir - 11-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” “Stomatology Azerbaijan 2016” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016” sərgiləri keçiriləcək.



Tərəfdaşlar