Mətbuat açıqlaması

BIHE - "BIHE 2016” sərgisinin anons-relizi

"BIHE 2016” sərgisinin anons-relizi

02.09.2016

Mətbuat açıqlaması

19-21 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisi keçiriləcək. Artıq 22 ildir ki, sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları, habelə əczaçılar və elm xadimləri arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma olmaqla yanaşı, Azərbaycanda səhiyyə sisteminin daha da səmərəli olmasına kömək edir. “BIHE” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Bu il “BIHE” iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər təşkil edir. Hazırda iştirakçıların siyahısında Azərbaycan, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrdən 121-dən çox şirkət var. Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distribyutorları da iştirak edəcək. Yerli distribyutorlar arasında “Besan”, “BTL Industries”, “Labservis” və digər şirkətlər yer alır.

Ümumilikdə, bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları, birdəfəlik istifadə materialları, dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edəcəklər. Sərgidə ilk dəfə olaraq yeni “Klinika” sektorunun çərçivəsində bir sıra şirkətlərin iştirakı gözlənilir.

Sərgi “Tibbi turizm” sektorunu fəal şəkildə inkişaf etdirir və bu il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkil ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında Almaniya, Belarus, Estoniya, Latviya, Çexiya,  Tailand və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzlərinin iştirakı gözlənilir.  Sərgidə xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcəkdir. Bu il “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.

“BIHE” sərgisi ilə paralel daha iki tədbir - 11-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” “Stomatology Azerbaijan 2016” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq  Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016” sərgiləri keçiriləcək. Beləliklə, ”BIHE” sərgisi səhiyyə sahəsində çalışan peşəkarların ünsiyyəti üçün əsas tədbir olmaqla yanaşı, səhiyyə sahəsində ən son məhsullar, müalicə metodikası və aparıcı texnologiyaların nümayiş etdirildiyi məkana çevriləcək.



Tərəfdaşlar