Mətbuat açıqlaması

BIHE - Keçirilmiş 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisinin nəticələri

Keçirilmiş 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisinin nəticələri

07.11.2016

Mətbuat açıqlaması

19 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisi keçirilib. “BIHE” sərgisinə paralel olaraq daha iki tədbir: 11-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” “Stomatology Azerbaijan 2016” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016” sərgiləri də keçirilib.

Sərginin açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini cənab Elsevər Ağayev, Belarus Respublikası Səhiyyə Nazirinin müavini cənab Valeriy Şevçuk, Azərbaycan Stomatoloji Assosiasiyasının sədri xanım Rəna Əliyeva, TÜRSAB-ın sərgilər direktoru xanım Sevinç Özkan Divrikli, İteca Caspian şirkətinin icraçı direktoru cənab Fərid Məmmədov çıxış ediblər.

Sərginin açılış mərasimində çıxış edən nazir müavini Elsevər Ağayev qeyd etdi ki, regionun nəhəng səhiyyə tədbiri olan “BIHE 2016” sərgisi səhiyyə sahəsində əsas tədbir olmuşdur və bu vəzifəni indi də uğurla icra edir. “Bu tədbir səhiyyə sahəsinin peşəkarları arasında ünsiyyəti təmin etməklə yanaşı, səhiyyə sektoru üzrə yeni məhsul, müalicə metodları və aparıcı texnologiyaların nümayış etdirilməsi baxımından ideal məkandır”, - deyə E. Ağayev bildirdi. Sonda nazir müavini təşkilatçılara və şəxsən Fərid Məmmədova “BIHE” sərgisini uzun illər ərzində təşkil etdiklərinə görə öz minnətdarlığını bildirdi.

Fərid Məmmədov isə ilk gündən sərgiyə göstərdiyi dəyərli dəstək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirdi.

“BIHE 2016” sərgisində dünyanın 20 ölkəsini, o cümlədən  Azərbaycan, Almaniya, Çexiya, Çin, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 125 şirkət iştirak edib. Ümumilikdə, xarici eksponentlər sərgi iştirakçılarının 60%-nı təşkil edib.  

“BIHE 2016” sərgisində tibbi və laboratoriya avadanlıqları, istehlak məhsulları, dərman preparatları, tibbi alətlər və farmakoloji avadanlıqlar kimi sektorlar təqdim olunub. Bu ilki sərginin fərqləndirici cəhətlərindən biri də farmakologiya sektorunun inkişaf edilməsi idi. Şirkətlər bu sektor çərçivəsində farmakologiya üzrə avadanlıq və texnologiyaları, eləcə də dərman zavodlarının istifadəyə hazır şəkildə tikintisini təqdim etdilər.

Sərgidə xarici istehsalçılarla yanaşı, dünyanın nəhəng istehsalçıları ilə tərəfdaşlıq edən yerli tibbi avadanlıq distribyutorları da iştirak ediblər. Yerli distribyutorlar arasında “Besan”, “BTL Industries AZ”, “Labservis” və digərləri yer alıb.

Bu il xaricdə müalicənin təşkili ilə məşğul olan 20-dən artıq klinika və şirkəti bir araya gətirən “Tibbi turizm” sektoru aktiv təqdim olunmuşdu. Bu klinika və şirkətlər arasında Belarus, Almaniya, Latviya, Türkiyə və Çexiyanın klinika, sanatoriya və müalicə ocaqları yer alıb. Artıq ardıcıl olaraq ikinci ildir ki, “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.

İlk dəfə olaraq, “Tibbi turizm” sektoru çərçivəsində vorkşop keçirilmişdi. Tədbirin iştirakçıları arasında xarici klinika, sanatoriyalar və digər yerli turizm şirkətləri var idi. Tədbirin qonaqları əvvəlcədən planlaşdırılmış görüş çərçivəsində yeni əlaqələr qurmaq, birbaşa (vasitəçi olmadan) danışıqlar aparmaq imkanı əldə etdilər.

Sərginin meneceri Emiliya İsmayılova qeyd etdi ki, seminarın keçirilməsi Azərbaycanda müalicəvi turizm sektorunun inkişafına, xarici həmkarlarla təcrübə mübadiləsinin aparılmasına və Azərbaycanın müalicə-sağlamlıq turizmi üzrə potensialı barədə ictimaiyyətin məlumatlandırılmasına kömək edəcək.

“Stomatology Azerbaijan" sərgisinin iştirakçıları: Johnson&Johnson, DRC group (brand R.O.C.S), Piave, Henan Biou Medical Devices Co.,Ltd yeni stomatologiya avadanlıqlarını, istifadə materiallarını, implantasiyada və diş ağardılmada yeni texnologiyalarını, ağız boşluğunun gigiyenasında vasitələrini təqdim ediblər.

BIHE” sərgisini üç gün ərzində 3575 nəfər ziyarət etmişdir ki, bu ziyarətçilərin də 85%-i müvafiq sahə mütəxəssislərindən ibarət idi. Sərgi 3 gün ərzində köhnə tərəfdaşların və sənaye mütəxəssislərinin görüş yerinə çevrilməklə yanaşı, yeni əməkdaşlıq əlaqələrinin qurulması, habelə yerli bazarın qiymətləndirilməsi, eləcə də perspektiv müqavilələr imzalayaraq investisiya yatırılması üçün əla imkan yaratdı. Sərginin təşkilatçıları ənənəvi olaraq iştirakçılara, sponsorlara müxtəlif nominasiya üzrə sertifikatlar təqdim edirlər. Bu il sertifikat almış şirkətlər:

“Ən yaxşı stend dizaynı” - BESAN LLC

“Ən yaxşı stend icrası” - BARIJ ESSENCE PHARMACEUTICAL CO

“Ən yaxşı məhsul təqdimatı” - ALFLETH ENGINEERING AG

“Ən yaxşı debüt” - KLINIKI BELARUSI

“Uzunmüddətli əməkdaşlıq” - LABSERVIS LTD

“Müştəriləri cəlb etmək üçün ən yaxşı üsul” - ALTAI MARALI

“Ən yaxşı təqdimat” - ACIBADEMHEALTHCARE GROUP

“Ən yaxşı korporativ üslub” - BTL INDUSTRIES

“Möhtəşəm iştiraka görə” – TURSAB

Sərginin təşkilatçıları qismində Iteca Caspian  və onun Böyük Britaniyalı tərəfdaşı ITE Group şirkətləri çıxış edirlər. Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası (ASA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir.



Tərəfdaşlar