Xəbərlər

BIHE - BIHE 2017: Səhiyyə: dövlət inkişafının prioritet sahəsi

BIHE 2017: Səhiyyə: dövlət inkişafının prioritet sahəsi

30.09.2017

Xəbərlər

30 sentyabr tarixində “Iteca Caspian” şirkətinin payız sərgi mövsümünə start vermiş 30-u Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq “Səhiyyə” (“BIHE 2017”) və 11-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik tibb” (“Beauty Azerbaijan 2017”) sərgilərinin sonuncu iş günüdür. Hər iki sərgi dünyanın 19 ölkəsindən 100-dən çox şirkəti bir araya gətirməklə yanaşı, sənaye mütəxəssislərinin diqqətini çəkmiş və Azərbaycanın aparıcı tibb müəssisələrinin dəstək və rəğbətinə səbəb olmuşdur.

Sərgi üç gün ərzində tərəfdaş və həkimlərin görüş yerinə çevrilərək əməkdaşlıq əlaqələrinin yaradılması, bazarın qiymətləndirilməsi, müqavilələrin imzalanması və investisiyanın cəlb olunması üçün əla imkan yaratdı. Hər iki sərgi əsnasında Azərbaycandan olan bütün mütəxəssislər xarici və yerli şirkətlərin məhsulları ilə tanış olaraq təklif olunan yenilikləri layiqincə qiymətləndirdilər.

Sərgilərin rəsmi açılış mərasimində çıxış edən yüksək səviyyəli qonaqlar və beynəlxalq tibbi ekspertlər ənənəvi olaraq ən son nailiyyətləri nümayiş etdirən və bir çox dünya ölkələrindən gələn nümayəndələrin işgüzar əlaqələr yaratmasına şərait yaradan “BIHE 2017” sərgisinin mühüm rolunu xüsusən vurğuladılar. 

Dövlətimizin müvəffəqiyyətli sosial siyasətini bir daha əyani şəkildə sübut edən “Səhiyyə” sərgisi sağlamlıq, gözəllik və stomatologiya sənayesində çalışan beynəlxalq mütəxəssisləri bir araya gətirir. Səhiyyə sistemi dövlət inkişafının prioritet sahələrindən biridir. Səhiyyə və əczaçılıq sahəsində qurulan beynəlxalq əməkdaşlıq əlaqələri fəal inkişaf edir, dərman preparatlarının ixracı gündən-günə artır və bir çox sahələrdə ekspertlərin təcrübə mübadiləsi fayda gətirməyə davam edir. 

 Sərgidə qeyri-neft sənayesinin inkişafı çərçivəsində sənayenin rəqabətədavamlı və innovativ sahələrinin yaradılmasına təkan verən Pirallahı Sənaye Parkına həsr olunmuş təqdimat da keçirildi.

Təşkilatçılar tərəfindən hazırlanmış genişmiqyaslı işgüzar proqram sərginin reytinqini tibb sənayesi üçün unikal biznes platforması kimi artırmağa müvəffəq oldu, belə ki, iki gün davam edən və peşəkar dialoqlarla zəngin olan Həkimlər Konqresi, istehsalçıları və distribyutorların “B2B” formatlı uğurlu danışıqları, eləcə də sərgi çərçivəsində keçirilən işgüzar görüş və seminarlar bu tədbirin nüfuzuna öz müsbət təsirini göstərdi.

Bu il sərgidə Azərbaycan, Belarus, Almaniya, Hindistan, İtaliya, İran, Çin, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna, İsveçrə və digər ölkələrdən olan şirkətlər iştirak edir. Sərgidə ilk dəfə olaraq Özbəkistan şirkətləri də təmsil olunurlar. Həmçinin sərgidə Belarusun 8 əczaçılıq zavodu öz ölkələrinin sənaye potensialını nümayiş etdirir. Builki sərgidə tibbi avadanlıq və dərman preparatlarının yerli distribyutorları və dünyanın ən böyük istehsalçılarının tərəfdaşları olan “BTL Industries”, “Labservis”, “Planeta” və digər yerli şirkətlər də iştirak edirlər.

Sərgi eksponentləri tibbi və laboratoriya avadanlıqları, əməliyyat masaları üçün avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları, tibbi alətlər, eləcə də birdəfəlik rezin tibb əlcəkləri və s. təqdim edirlər. Sərgi ekspozisiyasının demək olar ki, yarısı müxtəlif dərman vasitələrindən, eləcə də əczaçılıq sektoru üçün avadanlıqlardan ibarətdir.

“Beauty Azerbaijan 2017” sərgisində 9 ölkədən 20 şirkət iştirak edir. Bu şirkətlər dekorativ kosmetika, doldurucular, mezo-preparatlar, biorevitalizantlar, kosmetoloji aparatlar və s. bu kimi məhsullar sayəsində  gözəllik, gənclik və nikbinlik sirlərini bir daha ön plana çəkmiş oldular

Sərgilər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.


Tərəfdaşlar